Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

“Ana və körpələrin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirildi

“Ana və körpələrin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirildi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin göstərişi ilə Bakı Təhsil Məlumat Mərkəzi ilə birlikdə 19 iyun 2017-ci il tarixində Zalsburq Tibbi Seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ananın və körpənin sağlamlığı” mövzusunda simpozium keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, simpoziumu institutun rektoru professor Nazim Qasımov açaraq bildirib ki, 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncamı səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti bir addımdır. Proqramda da qeyd olunduğu kimi bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ də ana və uşaqların sağlamlığının qorunmasında problemlər qalmaqdadır.

Dövlət Proqramında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən olunmuş, Proqramın məqsədi və vəzifələrinin qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsindən, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından ibarət olduğu qeyd olunmuşdur.

Rektor qeyd edbi ki, ananın doğum öncəsi sağlamlığının izlənilməsi və doğuş xidmətlərindən, qadın məsləhətxanalarından faydalanması yüksəldikcə uşaq ölümü faizi də azalmaqdadır. Sevindirici haldır ki, son 15 ildə uşaq ölümü halları kəskin azalmışdır. Çünki səhiyyəyə dövlət qayğısı sayəsində Azərbaycanın rayonlarında indi ən müasir avadanlıqlarla təchiz olunmuş səhiyyə idarələri yaradılmışdır. Doğum evlərində tibbi avadanlıqlarla təchizat və peşəkar kadrların artımı da bu gün öz sözünü deməkdədir. Tibbi maarifçiliyin gücləndirilməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində atılan addımlar, keyfiyyətsiz uşaq qidalarının bazardan çıxarılması, ana südü ilə qidalanmanın artımı sayəsində postneonatal uşaq ölümləri azalmışdır.

Ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində geniş addımlar atılmaqdadır. Ölkədə ana və uşaq sağlamlığına yüksək qayğı məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Talassemiyasız həyat layihəsi, Milli Onkologiya Mərkəzində uşaq klinikasının yaradılması, perinatal mərkəzlərin əsaslı təmiri, uşaq poliklinikalarının yenidən qurulması, təmiri və yenilərinin tikilməsi, regionlarda Müalicə Diaqnostika Mərkəzlərinin tikilməsi, ən son texnologiyalarla təchiz olunmuş xəstəxanaların açılması kimi çoxsaylı tədbirlər milli genofondumuzun inkişafında böyük bir dönüşə səbəb olmaqdadır.

N.Qasımov çıxışının sonunda bildirdi ki, bu simpozium həkimlərimizin təkmilləşməsi, müasir biliklərə yiyələnməsi, beynəlxalq təcrübədən yararlanması baxımından çox vacibdir.

Sonra simpozium öz işini davam etdirdi. Avstriyanın Graz Tibb Universiteti Neonatologiya kafedrasının professoru Friedrich Reiterer neonatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr oxuyub və bir günlük təlim keçib. Bütün iştirakçılara sertifikat təqdim olunub.

Simpoziumda Respublikanın şəhər və regionlarında çalışan neonatoloq, pediatr və ginekoloqlar iştirak edirdilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.