Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Azərbaycana gələn böyük təhlükə – Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Azərbaycana gələn böyük təhlükə – Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Son zamanlar Azərbaycanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib. Bununla əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, ölkədə bu xəstəliyə qarşı profilaktik tədbirlər gücləndirilib.

Bəs Krım-Konqo hemorragik qızdırma xəstəliyi nədir?

Bit, birə, ağcaqanad, gənə kimi həşəratlar bir çox xəstəliklərin insanlara yoluxmasına səbəb olurlar. Bu yolla yoluxan ən təhlükəli xəstəliklər sırasına malyariya (ağcaqanad), Lyme (gənə), Krım-Konqo qanamalı qızdırma (gənə) və şərq çibanı (tatar ağcaqanadı) daxildir. Gənə dişləməsi ürək çatışmazlığına belə səbəb olan Lyme xəstəliyinə, ölümcül Krım-Konqo qanamalı qızdırmasına yol açır. Bundan başqa brusella, tularemi, tifo da gənə ilə keçən xəstəliklər sırasındadır.

Yaranma tarixi

1944-1945-ci ilin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə müşayiət olunan bir epidemiya diqqət çəkib və Ceimean Haemorrhagic Fever kimi adlandırılıb. Xəstəliyə yoluxanların qanlarından “Hyalomma marginatum” adlı gənə növü aşkarlanıb, epidemiyanı həmin gənələrin törətdiyi məlum olub. 1969-cu ildə Zairdə də kəskin qızdırmalı bir xəstədən tapılan virusun da məhz həmin gənələr tərəfindən törədildiyi bilinib. Bundan sonra xəstəlik Crimean-Kongo Haemorhagic Fever (CCHF) kimi tanınmağa başlayıb.

Türkiyədə bu xəstəliyə ilk dəfə 2002-ci ilin yaz aylarında rast gəlinib. Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır və iyul ayında pik həddə çatır. Virus gənələrdə və heyvanlarda xəstəlik yaratmasa da, gənənin insanı dişləməsi ilə xəstəliyə yoluxma halı baş verir. Hətta insanın virus daşıyıcısı olan heyvanın ölüsü və qanı ilə təmasda olması da xəstəliyə yoluxmağa gətirib çıxarır. Xəstəlik 5-18 % nisbətində çox ağır keçir, yoluxanların 2%- i isə ölür.

Hansı növ gənə dişləyəndə bu xəstəlik yaranır?

Hər gənə dişləyəndən sonra CCHF xəstəliyi ortaya çıxmır. Dünyada 850 gənə növü var. Bunlardan odun gənəsi adamı dişləyərək deyil, sancaraq daşıdığı virusun insana keçməsinə səbəb olur. Gənə nə qədər uzun müddət bədəndə qalıb çox qan əmərsə, xəstəliyə yoluxma riski də bir o qədər çoxdur. Odun gənəsi daşıdığı virusla beyin, beyin pərdəsi və mərkəzi sinir sisteminin iltihabına səbəb olur. Xəstəliyə tutulanlarda qızdırma 20 gün davam edə bilər və 40 dərəcədən çox müşahidə edilir. Odun gənəsi yetkin insanlarda omba, qıç və cinsi orqanlarda, uşaqlarda isə başda olur. Ağacların yerə ən yaxın olan yarpaqlarında, kolluqlarda bu gənəyə daha çox rast gəlmək mümkündür.  Gənə dişləməsindən 16-24 saat sonra risk ortaya çıxır. Buna görə gənəni tez bir zamanda bədəndən uzaqlaşdırın.

Kimlər risk altındadır?

Xəstəliyə daha çox dağlıq bölgələrdə yaşayan ferma sahiblərində, çobanlarda, qəssablarda, düşərgə quranlarda rast gəlinir. Xəstələnən insan və heyvan qanları ilə təmas edən baytar və sağlamlıq işçilərində bu risk daha böyükdür.

Heyvandarlıqla məşğul olanlar əlcək, papaqdan mütləq istifadə etməlidir. Xəstəliyin peyvəndi və müalicəsi yoxdur. Gənə riski olan bölgələrdə bədəni tamamilə örtən geyimlər geyinin. Şalvarın ayaqlarını corabın içinə salın. Uzun çəkmələr geyinin. Gənə qovucu kremlər sürtün.

Heyvan saxlanan yerlər, uzun otlaqlar, çəmənlər, piknik yerləri, meşəlik, su kənarları riskli bölgələrdir. Bu yerlərdə çılpaq ayaqla gəzməyin, çəmənliklərə qətiyyən uzanmayın.

Krım-Konqo qızdırma xəstəliyindən ölüm əmsalı 40%-ə yaxındır

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Lent.az-a açıqlamasında bildirib ki,  bu xəstəlik virus mənşəli hemorragik qızdırmalar qrupuna aid olan yoluxucu xəstəlikdir.

R.İsmayılovanın sözlərinə görə, bu xəstəlik gənə dişləməsi nəticəsində baş verir və heyvanların qanı ilə sıx əlaqədə olan insanlarda daha çox qeydə alınır: “Xəstəlik bütün bədənə təsir edən virus xəstəliyidir. Gənə dişləməsindən 3-7 gün sonra ortaya çıxır. Yüksək qızdırma, üşütmə, əzələ ağrıları, boyun tutulması, baş ağrısı, ürək bulanma, qusma, ishal, dəri tökülməsi kimi bir çox əlamətləri var. Xəstəliyə səbəb olan virus bütün bədənə təsir edərək qanda laxtalanmaya səbəb olur. Dəridə qanamalarla bağlı göyərmə, diş əti, burun, mədə, bağırsaq, vaginal qanama, ağciyər və beyin qanaması da yaşana bilər. Xəstədə şüur itkisi, dalaq və qaraciyər böyüməsi, sarılıq, böyrək çatışmazlığı kimi çox ciddi hallar da yaşana bilər.

Xəstəliyin peyvəndi yoxdur.  Xəstəlikdən ölüm əmsalı isə 40%-ə yaxındır. Tibb sahəsində bu xəstəliyə qarşı təsirli bir dərman yoxdur. Müalicəsi isə simptomatikdir. Yəni, xəstəlik zamanı müşahidə olunan əlamətlərə qarşı müalicə aparılır”.

Hazırda Krım-Konqo xəstəliyinin İranda daha geniş yayıldığını vurğulayan R.İsmayılova deyib ki, səhiyyə naziri Oqtay Şirəliyev  bu barədə əmr imzaladığı gündən həmsərhəd ölkələrdən gedib-gələn vətəndaşların yoxlanması tədbirləri gücləndirilib: “ Həmin əmrə əsasən,  tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumatın Respublika Taun Əleyhinə Stansiyasına verilməsini təmin etsinlər, habelə şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılsın. Əmrə görə, tibb müəssisələrində əks epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib. Respublika Sanitariya – Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi üçün tədbirlər görülür. İndiyə qədər bu xəstəliklə bağlı şübhəli hal qeydə alınmayıb”.

Şöbə müdiri vurğulayıb ki, əhalinin təşvişə düşməsinə gərək yoxdur: “Bu xəstəlik Azərbaycan üçün xas bir xəstəlik deyil və son 50 il ərzində respublika ərazisində bununla bağlı  heç bir hal qeydə alınmayıb. Xəstəlik insandan insana keçmir. Gənə heyvanları dişləyir və sonra insanı dişləyəndə xəstəlik yoluxdurulur. İnsanlar gərək əllərini tez-tez yusunlar, elə xəstələr gördükdə onların qanına toxunmasınlar, bu halda tez tibb müəssisələrinə xəbər versinlər”.

Gənə dişləsə, nə etməli?

Gənəni tez bir zamanda bədəndən uzaqlaşdırın. Gənənin üzərinə siqaret basmaq, spirtli içki, yağ tökmək, gənəni partlatmaq təhlükəlidir. Belə halda gənə qusar və yoluxma riski yüksələr. Çöp yardımı ilə sağa-sola oynadaraq gənəni qovun. Sonra yodla həmin bölgəni dezinfeksiya edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.